Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund - IMF) Azərbaycan üzrə missiyasının sabiq rəhbəri cənab Məhəmməd əl-Qorçi və missiyanın yeni rəhbəri xanım Natalia Tamirisa ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, görüşdə Məhəmməd əl-Qorçi onun ölkə üzrə missiya rəhbəri vəzifəsində çalışdığı zaman IMF-in Azərbaycanda görülmuş işləri barədə məlumat verib. Sonra o, IMF-in Azərbaycan üzrə yeni missiya rəhbərini təqdim edib və onun Fondun fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəsini xüsusi vurğulayıb.
Öz növbəsində E. Rüstəmov ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən IMF ilə əlaqələrin təşkil etdiyini qeyd edib. E. Rüstəmov bu istiqamətdə Məhəmməd əl-Qorçinin Azərbaycan üzrə missiyaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdi və təşəkkürünü bildirib.
AMB-nin sədri missiyanın yeni rəhbəri xanım Tamirisaya Azərbaycanda həyata keçiriləcək fəaliyyətində uğurlar arzulayaraq BVF və Mərkəzi Bank arasında formalaşmış əməkdaşlıq, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti istiqamətləri və bu sahədə keçirilən islahatlar barədə ətraflı məlumat verib.
Xanım Tamirisa ölkədə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da Azərbaycana texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib. O, IMF-in Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd edib.
Görüşdə AMB ilə IMF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.