Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
ONA-nın bankın hesabatına istinadən verdiyi məlumata görə, bu ilin yanvarın 1-nə AMB-nin cəmi aktivləri 22 068,979 mln. manat təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.
Hesabat dövründə AMB-nin cəmi öhdəlikləri 2,8% azalaraq 17 611,517 mln. manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələr 2,75% artaraq 8 364,129 mln. manat, rezident bankların qısamüddətli depozitləri 23% azalaraq 3 378,509 mln. manat, qurumun cəmi kapitalı isə 1,2% azalaraq 4 457,462 mln. manat olub.
Ötən il AMB-nin faiz gəlirləri əvvəlki ilə nisbətən 26,5% artaraq 201,228 mln. manat, faiz xərcləri 6,7% artaraq 301,045 mln. manat, haqq və komissiya gəlirləri 15,9% artaraq 16,378 mln. manat, haqq və komissiya xərcləri 23,1% artaraq 4,765 mln. manat olub.
Ümumilikdə, AMB 2018-ci ili 60,316 mln. manat həcmində zərərlə başa vurub. Halbuki, bank 2017-ci ildə 3 513,453 mln. manat mənfəət əldə edib.