“Bakı Metropoliteni”nin alternativ enerji təchizatı olduqca maliyyə tutumlu layihədir və bu sahədə görülən işlərə on milyonlarla manat vəsait yatırılıb. Bunu ONA-ya “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, metropoliteni kəsintisiz elektrik enerji ilə təmin edilməsi ötən il baş verən hadisədən sonra aktuallaşmayıb.
“Bu məsələ bizim qarşımızda çoxdan durur. Belə ki “Bakı Metropolitenin” konseptual inkişaf proqramında, xətlərinin elektrik enerjisi təminatını gücləndirmək məqsədilə, yeni yarımstansiyaların tikintisi, yeni güc mənbələrinin yaradılması, yeni xətlərin tikintisi və lazım olduğu halda alternativ enerji mənbələrin yaradılması ilə bağlı “Azerenerji”yə, “Bakı Metropoliteni”nə və Layihə İnstitutuna müvafiq tapşırıq verilib. Tapşırıq əsasən yeni xətlərə aiddir. Bildiyiniz kimi hazırda bənövşəyi xətt üzrə “Xocahəsən”, “Avtovağzal”, “Memar Əcəmi 2” və Ceyhun Səlimovda olan şərti adı B-03 adlanan stansiyalar tikilib və orda bu konsepsiya həyata keçirilib”, - deyə Ə. Osmanov bildirib.
QSC-nin baş mühəndisi qeyd edib ki, görülən işlər çərçivəsində baş yarımstansiya tikilib və bu stansiyada dizel elektrik stansiyaların quraşdırılması nəzərdə tutulub .
“Hazırda qurulan 39 mV-luq dizel generatorları metropolitenin bütün stansiyalarının tam fəaliyyətini təmin edəcək. Bu isə onu deməyə əsas verir ki, əyər metropolitendə elektrik təchizatında kəsintilər yaransa belə stansiyalar sərnişinlər üçün açıq olacaq, qatarlar hərəkət edəcək, ekskalatorlar işləyəcək, işıqlandırma, havalandırma və kondisioner sistemi 100% işləyəcək. Gələcəkdə bütün xətlərin tikintisi məhz bu elektrik təchizatı konsepsiyası ilə davam etdiriləcək”, - deyə Ə. Osmanov qeyd edib.