“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcək”.
ONA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Azərbaycan Prezidentinin bir neçə gün öncə keçirdiyi müşavirədə fərmanın imzalanacağı barədə anons verdiyini xatırladan deputat bildirib ki, aparılan təhlillər nəticəsində problemli kreditlərin həlli ilə bağlı konkret mexanizm hazırlanıb və fərman imzalanıb: “Onu da qeyd etmək lazımdır ki, problemli kreditlər bütövlükdə dünyada rast gəlinən bir problemdir və dünyanın bir çox ölkəsində devalvasiya baş verib. Hətta bizimlə qonşu olan Türkiyə, İran və digər dövlətlərdə də bu hal yaşanıb. Eyni zamanda bu problemin həlli ilə bağlı dünya ölkələrində konkret mexanizmlərin tətbiqinə, dövlətin dəstəyinə çox az hallarda rast gəlinir”.
Prezidentin imzaladığı fərmanın 10 min ABŞ dollarınadək götürülmüş kredit borclarına şamil olunacağını vurğulayan T.Mirkişili qeyd edib ki, dünya ölkələrində belə bu həcmdə rəqəmlərə rast gəlmək qeyri-mümkündür: “Bir çox ölkələrdə 1000, bəzilərində 700 dollara qədər kreditlərə güzəştlər tətbiq edilir. Bununla bağlı Azərbaycan cəmiyyətində də müzakirələr gedirdi və bu müzakirələr zamanı 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin olacağı barədə gözləntilər yox idi. Prezident tərəfindən birdən-birə 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin tətbiq olunması kifayət qədər böyük və əhalinin rifahı üçün atılmış unikal bir addımdır. Bu fərmanın tətbiqi ilə 850 minə yaxın vətəndaşın rifahını gücləndiriləcək”.