Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economis”ə verilən məlumata görə, iyulun 1-dək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.
İyulun 1-dən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.