Mobil telefonların sertifikatlaşdırılması prosedurunda bir sıra bürokratik əngəl mövcuddur ki, bu da nəticə etibarı ilə prosesin daha da uzanmasına səbəb olur. Bunu ONA-ya "MiMobile" şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.
Onun sözlərinə görə, söhbət cihazların sınaq əməliyyatlarının aparılmasından deyil, lazımi sənədin imzalanmasından gedir ki, buna 20 gündən artıq vaxt tələb olunur.
“Səbəb kimi isə bu sənədi birbaşa yüksək rütbəli məmurun imzalaması göstərilir, halbuki sertifikatı vermək üçün lisenziya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelekom” MMC-yə verilib və sertifikatı bu qurumun rəhbəri imzalamalıdır. Kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil cihazların IMEI kodları birmənalı olaraq qeydiyyatdan keçməlidir. Bunun üçün müvafiq quruma uyğunluq sertifikatı təqdim olunmalıdır. Uyğunluq sertifikatı isə yalnız “AzİnTelekom” tərəfindən verilidir. Halbuki ölkəmizdə bu sertifikatı verə biləcək akkreditə olunmuş bir neçə təşkilat var”, - deyə C. Əliyev bildirib.
C. Əliyevin sözlərinə görə, cihaz “AzİnTelekom” şirkətinə təqdim olunur və bu qurum 3-4 gün ərzində onu yoxlayıb rəy verir, lakin sertifikat isə idxalçıya təxminən bir ay müddətinə təqdim olunur.
“Bu proses maksimun 4-5 gün ərzində baş tuta bilər. Sertifikat hazır olduqdan sonra bütün sənədlər əlavə olaraq IMEI-lərin qeydiyyatı üçün təqdim olunur Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ümumi şöbəsinə. Şöbədən isə icra üçün göndərilir Məlumat Hesablama Mərkəzinə. Mərkəz öz növbəsində IMEI kodları Dövlət Gömrük Komitəsinin bazası ilə müqayisə edir və düz olduğu təqdirdə onları qeydiyyatdan keçirmək üçün şirkətə elektron qaimə göndərir”, - deyə şirkət rəsmisi qeyd edib.