• İQTİSADİYYAT

    16:42 23 may 2019

"Moody's": Azərbaycandakı bankların aktivlərinin keyfiyyəti yaxşılaşır və bu tendensiya davam edəcək

Azərbaycanda fəaliyyət göstərən kiçik banklar ehtiyat yaratmaq üçün kifayət qədər gəlir cəlb edə bilməyib.

ONA-nın xəbərinə görə, bunu “Moody's”in Azərbaycan üzrə illik konfransında çıxış edən təşkilatın maliyyə bazarları üzrə analitiki Pyotr Paklin deyib.

Onun sözlərinə görə, marja faizi kəskin daralıb və bu da bankların balansında problemli aktivlərin çox olması ilə bağlıdır.

“Yəni banklar faiz gəliri yaratmırlar, marja düşür və bu da onların problemlərini daha da ağırlaşdırır. Biz gözləyirik ki, problemli kreditlərin restrukturizasiyası nəticəsində cari ildə vəziyyət ötən illə müqayisədə yaxşılaşacaq. Belə ki, 90%-dən çox ödəmə müddəti ötmüş xarici valyuta kreditlərinin bir hissəsi dövlət dəstəyi ilə ödənilib”, - deyə P. Paklin qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yaxşılaşır və sözügedən tendensiya davam edəcək. Bu da iqtisadiyyatın artımı ilə yanaşı, dövlətin əhaliyə olan dəstəyi ilə bağlıdır: “Başqa məqam – bank sektorunun kapitallaşmasının yaxşılaşmasıdır ki, bu da ölkənin ən böyük bankları tərəfindən yaradılan mənfəətləri ilə dəstəklənir”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR