Rusiya Ukraynayla bu ölkədə prezident seçkilərindən sonra qazla bağlı konstruktiv danışıqlara ümid edir. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazir qeyd edib ki, bu məsələdə Rusiya tərəfi daim konstruktiv mövqedən çıxış edib.
"Rusiya daim Ukraynanın qaz nəqli infrastrukturundan istifadə etməyə hazırdı. Ümid edirik ki, seçkilərdən sonra konstruktiv danışıqlar aparılacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi avropalı istehlakçılarını Rusiya qazı ilə stabil şəkildə təmin etməkdə maraqlıdır: "Bunun üçün həm mövcud olan infrastruktur, həm də bu il işə salınacaq "Nord Stream-2" və "Türk axını" boru kəmərləri istifadə oluna bilər. Ukraynanın qaz nəqli sisteminin rəqabətli olduğu təqdirdə işimizi davam etdirməyə hazırıq".
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.