• İQTİSADİYYAT

    15:50 29 mart 2019

Moskvada “Azərbaycanın payız nemətləri” festivalı keçiriləcək

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəvəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilati dəstəyi ilə Moskva hökumətinin Ticarət və Xidmətlər Departamenti rəhbərinin müavini Denis Kostornoyun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

ONA-nın Azpromo-ya istinadən verdiyi məlumata görə, səfər Azərbaycan məhsullarının Moskvada satışının bundan sonrakı imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.

Səfər zamanı bir sıra Azərbaycan şirkətinin nümayəndələri ilə görüşlər keçirilib, həmçinin öz məhsullarını Rusiya bazarlarına çıxarmaqda maraqlı olan azərbaycanlı istehsalçıların iştirakı ilə dəyirmi masa təşkil edilib.

Səfər çərçivəsində keçirilən dəyirmi masada nümayəndə heyətinin üzvləri Moskvada həyata keçən geniş festival proqramı barədə, həmçinin Heydər Əliyev Fondu tərəfindən 2018-ci ilin oktyabrında Moskvanın Tverskaya meydanında təşkil edilən “Azərbaycanın payız nemətləri” festivalının yekunları barədə danışıblar. Festivalın ən mühüm praktik nəticələrindən biri Azərbaycanın Ticarət Nümayəndəliyi tərəfindən Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsinin icrasına başlanmasıdır. Vurğulanıb ki, “Azərbaycanın payız nemətləri” festivalının hər il keçiriləcəyi barədə qərar qəbul edilib və artıq cari ilin sentyabrında növbəti festivalın təşkil edilməsinə hazırlıqlar başlanılıb.

Azərbaycan sahibkarlarına, həmçinin Moskvada daimi fəaliyyət göstərən regional və regionlararası yarmarkalar, onların öz məhsullarını satması məqsədilə istifadə edə biləcəkləri imkanlar barədə ətraflı məlumat verilib.

Görüş iştirakçıları Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi tərəfindən əlaqələndiriləcək görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR