• İQTİSADİYYAT

    12:29 17 aprel 2019

"Mott MacDonald": Məqsədimiz Bakını gözəl məkana çevirməkdir

Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən, Böyük Britaniyanın "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır.

İcra Hakimiyyətindən ONA-ya verilən məlumata görə, bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə Bakıya gəliblər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.

"Mott MacDonald" şirkətinin rəhbərlərinin bildirdiyinə görə, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya "Mott MacDonald" şirkətinə müraciət olunub və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıblar.

Əsas məqsəd paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtı gözəl məkana çevirməkdir.

Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb.

Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazırlanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR