• İQTİSADİYYAT

    18:40 5 mart 2019

Müsadirə edilərək dövlət mülkiyyətinə keçirilən əmlakların sayı açıqlanıb

Keçən il torpaq, müsabiqə və hərrac komissiyaları tərəfindən bələdiyyə mülkiyyətində olan 3 minə yaxın torpaq sahəsindən 2900-ə yaxını üzrə torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edilib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, keçirilmiş müsabiqə və hərraclara çıxarılan bələdiyyə torpaqlarından 2 mindən çoxu müsabiqə, 900-ə yaxını isə hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilib. 100-ə yaxın bələdiyyə torpağı üzrə isə təkliflər daxil olmadığı üçün müsabiqə və hərrac baş tutmamış elan edilib.

Hesabatda bildirilir ki, 2018-ci il ərzində 350-yə yaxın müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə götürülməsi təmin edilib. Dövlət nəfinə müsadirə olunmuş əmlakların satışının təşkili ilə bağlı 30-dan çox hərrac keçirilib. Hərraclarda iştirak etmək üçün fiziki şəxslər tərəfindən 40-a yaxın sifariş verilib ki, bunlardan da 10-a yaxını elektron sifariş olub. İki hərrac elektron qaydada keçirilib.

Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə satışı ilə bağlı 8 müəssisənin güzəştli satışı həyata keçirilib və 12 nəfər bu satışdan faydalanıb.

Ümumilikdə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin əmək kollektivi üzvlərinə güzəştli satışından, müsadirə edilmiş dövlət əmlakının satışından, həmçinin bələdiyyələr tərəfindən torpaq hərrac və müsabiqələrindən ümumilikdə 730 min manatdan artıq pul vəsaiti daxil olub. Bununla yanaşı, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin əmək kollektivi üzvlərinə güzəştli satışından və müsadirə edilmiş əmlak satışından daxil olan 555 min manatdan artıq pulun dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR