• İQTİSADİYYAT

    09:43 1 may 2019

Natiq Əmirov: "Strateji Yol xəritələrinin ümumi icrası 52% təşkil edib"

Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50%-ə qarşı 52% təşkil edib ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir. ONA-nın məlumatına görə, bunu ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50% üçün nəzərdə tutulan həddə çatıb, lakin Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirilib.

"Strateji Yol xəritələrinin əsas tədbirlərinin təqribən 40%-i İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin payına düşür ki, bu məsələlərə sistemli yanaşılması, çoxsaylı komissiyaların, əlaqələndirici qrupların monitorinq qurumları ilə birgə fəaliyyəti həm hər iki nazirliyin, həm də digər qurumların birgə fəaliyyəti ilə Strateji Yol xəritələrində bu uğura imza atmağa imkan verib", - deyə N. Əmirov qeyd edib.

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi onu da bildirdi ki, Strateji Yol xəritələrində ölkə başçısının tapşırığına əsasən müəyyən edilmiş tədbirlər ilk növbədə, makroiqtisadi sistemdə pul bazası hədəf götürülməklə makroiqtisadi sabitliyə nail olunub, manatın məzənnəsi sabitləşdirilib, inflyasiya optimal həddə endirilib, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb.

"Dövlət Neft Fondunun vəsaitlərindən istifadəyə dair büdcə qaydaları, beynəlxalq aləmdə "qızıl qayda" adlandırılan qaydalar təsdiq edildi. Borc strategiyası, ortamüddətli xərclər çərçivəsi qəbul edildi, fiskal dayanıqlılığın gücləndirilməsi təmin olundu, bank sektorunda əhəmiyyətli islahatlar həyata keçirildi", - deyə N. Əmirov bildirib.

N. Əmirovun sözlərinə görə, icbari tibbi sığorta sistemi pilot variantda tətbiq edilib, uğurlu nəticələr əsas götürülərək Prezident tərəfindən imzalanan müvafiq qanunlarla 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta Fondu yaradılıb, məşğulluq strategiyası qəbul edilib, ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilib və özünüməşğulluq proqramlarının icrasına başlanılıb.

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi həmçinin qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxıb, büdcə xərcləri isə 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunub. İqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnib. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artıb.

"2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb və bu 20 ay ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60%-ə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir”, - deyə N. Əmirov bildirib.

O həmçinin qeyd edib ki, kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15%-ə, qeyri-neft ixracında isə 10%-ə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir: "Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir. Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün Azərbaycanın strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir".

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisinin sözlərinə görə, ölkə başçısı məqsədəmüvafiq hesab etdiyi təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji proqram çərçivəsində hazırlanaraq Prezidentin diqqətinə təqdim edilə bilər.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR