• İQTİSADİYYAT

    13:39 1 mart 2019

Natiq Əmirov: “Vətəndaşların problemləri devalvasiyalar baş verdiyi gündən Prezidentin diqqət mərkəzindədir”

“Bu problemin kökü 2014-cü ildən başlayır. 2014-cü ilin sonlarından başlayaraq, dünya bazarlarınd qısa müddətdə neftin qiyməti 3-4 dəfə aşağı düşdü, bu da neft hasil edən ölkələrin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı”.

ONA-nın məlumatına görə, bunu Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov AZTV-nin "Günün nəbzi" proqramında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edərkən bildirib.

N. Əmirov deyib ki, nəticədə region ölkələrinin milli valyutaları ucuzlaşıb: “O dövrdə Azərbaycan dövləti qarşısında ciddi, məsuliyyətli bir qərarı qəbul etmək vəzifəsi dururdu. Mövzu dövlətin iqtisadi təhlükəsizliyi, ya da mövcud sosial vəziyyəti qoruyub saxlamaq arasında seçim etmək idi. Çünki qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi, iqtisadi şoklar Azərbaycanın ixrac qabiliyyətini olduqca kəskin şəkildə aşağı salırdı. Eyni zamanda ucuz valyutaya malik olan qonşularımızdan böyük həcmli idxal malları Azərbaycana axmağa başlayırdı. Azərbaycan vətəndaşlarının sərvəti kütləvi şəkildə xaricə axmağa gedirdi. Bu da iqtisadi müstəqilliyimiz, iqtisadiyyatımızın dayanıqlığı üçün çox ciddi təhdid yaradırdı. 2015-ci il ərzində çox doğru olaraq iki dəfə qərar qəbul edildi və devalvasiya baş verdi. Bununla da qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dayanıqlığının qorunması üçün çox mühüm təməl qoyuldu”.

Prezidentin köməkçisi qeyd edib ki, əslində bu devalvasiya hadisəsi baş verənə qədər xarici valyutada kreditləri olan vətəndaşların problemləri devalvasiyalar baş verdiyi gündən Prezidentin diqqət mərkəzindədir: “Bu, Prezidentin hər zaman qayğılandığı əsas məsələlərdən biridir. Amma bu vaxta qədər niyə bu məsələlərə reaksiya verilmirdi? Mən bu ilin əvvəlində Prezidentin Davos səfərini şərh edərkən bildirmişdim ki, Davosda prezidentə sual ünvanlayırdılar. Prezidentə sual verirdilər ki, bu mürəkkəb bir geosiyasi dövrdə uğurlarınızın, xüsusilə xalqla iqtidar vəhdətinin qorunub saxlanmasının əsasında, kökündə duran nədir. Prezident çox sadə bir cavab verirdi, bu da çox gözlənilməz və dəyərli qəbul olunurdu. Prezident bildirirdi ki, biz xalqla davamlı təmasdayıq, Prezident olaraq xalqla davamlı görüşdəyəm. İkincisi isə biz yerinə yetirə bilməyəcəyimiz vədi xalqımıza vermirik. Prezident son çıxışında da dedi ki, qonşu ölkələrdə də belə problemlərin həlli üçün davamlı səylərin göstərilməsinə baxmayaraq, uğurlu həll yolu tapmağa hələ də nail olmayıblar. Prezident bu müddət ərzində bir an belə valyuta kreditindən əziyyət çəkən insanların problemlərini unutmamaqla yeni iqtisadi siyasətlə, islahatlarla təmkinli, ardıcıl və inadla Azərbaycan iqtisadiyyatının yeni iqtisadi situasiyaya uyğunlaşdırmaq üçün qərarlar qəbul etdi. 2016 və 2017-ci illər Azərbaycanda dərin iqtisadi islahatlar ili oldu, iqtisadi geriləmə durduruldu, manatın vəziyyəti stabilləşdi. 2018-ci ildən başlayaraq, Azərbaycan iqtisadiyyatı artıma keçdi. 2016-cı ilin ortalarında banklarda əmanətlərini saxlayan vətəndaşların 85 faizi əmanətlərini xarici valyutada saxlayırdısa, bu gün bu rəqəm 56 faizə qədər düşüb. Artıq insanlar əmanətlərini milli valyutada saxlayırlar. Bu gün Azərbaycanın 46 milyard 300 milyon yaxın xarici valyuta ehtiyatı var. Prezident keçən il tapşırıq verdi ki, bu məsələnin üzərində çalışmaq lazımdır. Əslində İşçi Qrupu keçən ilin avqust-sentyabr ayından başlayaraq geniş təhlillər aparırdı, noyabr ayında hansısa bir formata gəlinirdi. Dekabrın əvvəlində biz artıq bu problemin həllinə çox yaxın idik. Amma burada bir nüans yarandı. Göründüyü kimi fərman da iki hissədən – devalvasiya və rekstrukturzasiya ilə bağlıdır. Prezident məruzələri dinləyərkən belə qərar qəbul etdi ki, təkcə kompensasiyaların ödənilməsi vətəndaşların problemlərini tam həll etmir. Ona görə də bunun davamı olmalıdır. Prezident dekabrda tapşırıq verdi ki, görülən işi məntiqi sonluğa çatdırmaq lazımdır”.

N Əmirov nəzərə çatdırıb ki, İşçi qruplar bu il fevralın ortalarına qədər bu istiqamətdə fəaliyyəti davam etdirib: “Mən bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətini qeyd etmək istəyirəm. İşçi Qrupunun qeyri-iş günlərində keçirilən iclaslarında belə Mehriban Əliyeva şəxsən iştirak edir, öz töhfəsini verirdi. Bəzən müəyyən mübahisələr yarananda nüfuzu, təcrübəsi ilə fikirlərin bir nöqtəyə cəmləşməsində əməli köməklik göstərirdi. Nəhayət, fevral ayının ortalarına artıq Prezidentin tələb etdiyi həm devalvasiya, həm də devalvasiyadan sonra kreditin yerdə qalan hissəsi ilə əlaqədar nə iş görülməlidir, bu nöqtəyə gəlib çıxıldı”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR