Məşğulluğa dair elektron sistem aprel ayında sınaqdan keçiriləcək. ONA-nın xəbərinə görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüşdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, sistem ölkə üzrə bütün işsiz olan şəxsləri əhatə edəcək və məşğulluq baxımından vakansiyalar barədə məlumatlar toplayacaq.
"Artıq hər hansı agentliyə getmək, müraciət etməyə ehtiyac olmayacaq. Vətəndaşlar birbaşa olaraq ərizələrini vakansiya bankına göndərə, işə götürənlərə işçi lazım olduğu təqdirdə bu məlumat bazası üzrə iş təklif edə biləcəklər. Hazırda sistem 200 min nəfəri əhatə edir, lakin bu məlumat bazası getdikcə genişlənir. Məqsədimiz növbəti illərdə bu məlumat bazasını ölkə üzrə məşğulluq reyestrinə inteqrasiya edək",- deyə nazir bildirib.