Ötən il ərzində Azərbaycan və Xorvatiya arasında ticarət dövriyyəsinin həcmi 16% artaraq 250 mln. ABŞ dolları təşkil edib. ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Onun sözlərinə görə, bu artım tempi qənaətbəxş olsa belə, qarşılıqlı ticarət həcmini artırılmaq üçün və onun diversifikasiyası üçün imkanlar və potensial mövcuddur.
"Eyni zamanda əməkdaşlığın geniş müqavilə-hüquq bazası mövcuddur. Bir çox sahələrdə, xüsusilə ticari-iqtisadi sahəsində önəmli sazişlər imzalanıb. Bizim 22 belə beynəlxalq sənəd mövcuddur. Bu həm investisiyalarının qarşılıqlı qorunması və təşviqi, eyni zamanda 2 qat vergi tutmanın aradan qaldırılması və iqtisadi əməkdaşlıq üzrə sazişlər mövcuddur. Bu sazişlər iş adamlarının 2 ölkədə həm investor kimi iştirakı, eyni zamanda ticarətin daha da genişləndirilməsi üçün önəmli hüquqi platforma yaradır", – deyə nazir müavini bildirib.
Nazir müavini onu da bildirib ki, ölkələr arasında investisiya sahəsində böyük potensial mövcuddur.
"Azərbaycan şirkətlərinin Xorvatiyada və Xorvatiya şirkətlərin Azərbaycanda görmək istərdik. Azərbaycan xarici investisiyalar və tərəfdaşlar üçün çox əlverişli şərait təklif edir. Azərbaycan xarici investorlara açıq ölkədir. Ölkədə xarici investisiyalar üçün məhdudiyyətlər mövcud deyil. Hazırda Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər müxtəlif sahələrdə, o cümlədən tikinti, xidmətlər, rabitə və digər sahələrdə fəaliyyət göstərirlər. Düşünürük ki, əgər bizim investisiya sahəsində əməkdaşlığımız genişlənsə, biz Azərbaycanda Xorvatiya işgüzar dairələrini daha geniş tərkibdə görəcəyik", - deyə R. Məmmədov qeyd edib.