Lisenziyalar və icazələr portalı vasitəsilə sahibkarlara 940-a yaxın elektron lisenziya verilməsi təmin edilib. ONA-nın məlumatına görə, bunu “KOB evi”nin təqdimatında çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını haqqında qanunun tətbiqindən sonrakı 41 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 1 083 yoxlama, o cümlədən 2019-cu ilin ilk 3 ayı ərzində 438 yoxlama keçirilib.
"Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 41 ay ərzində vergi yoxlamaları istisna olmaqla 199 mindən çox yoxlama keçirilib. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. İcazələrin sayı 4 dəfə azaldılaraq 330-dan 86-ya endirilib, icazələrin verilməsi üçün dövlət rüsumların məbləğləri Bakı şəhəri üzrə 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib, prosedurlar sadələşdirilib", - deyə nazir müavini bildirib.