Azərbaycanda balıq və digər su bioresurslarının qida təhlükəsizliyi nəzarəti gücləndiriləcək.
ONA-nın xəbərinə görə, bunu “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş dəyirmi masada çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, bu məsələyə dair Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə iş birliyi yaradılacaq.
"Bu sahədə çox böyük boşluqlar var ki, onların aradan qaldırılmasına bir yerdə nail olacağıq. Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsi, xüsusən də balıq və digər su bioresursların indiki vəziyyəti daha aktiv birgə işlərin aparılmasına və nəticələrin əldə olunmasına yönələcək", - deyə nazir bildirib.