• İQTİSADİYYAT

    12:47 8 may 2019

Nazir Pərviz Şahbazov: "İyunda OPEC+ çərçivəsində neft hasilatının həcmləri ilə bağlı qərarlar qəbul edilə bilər"

Bu ilin iyun ayında Vyanada keçiriləcək OPEC+ formatı çərçivəsində nazirlərin konfransı zamanı ilin ikinci yarısı üçün neft hasilatının həcmləri ilə bağlı qərarlar qəbul edilə bilər. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, konfrans zamanı neft bazarında baş verən hadisələr və bazarın tənzimləməsi üçün lazım olan addımlar müzakirə ediləcək.

"Ola bilsin ki, bu müzakirələrin nəticəsi olaraq növbəti dövr üçün (cari ilin ikinci yarısı) hasilat həcmləri ilə bağlı yeni qərarlar qəbul edilsin. Lakin bu, yalnız ehtimaldır", - deyə P. Şahbazov qeyd edib.

Nazirin sözlərinə görə, hazırda neft bazarına və qiymətlərə təsir göstərən bir çox amil mövcuddur. O cümlədən geosiyasi vəziyyətdən irəli gələn hallar, ölkələrdə yer alan münaqişələr və böhran da neft bazarına öz təsirini göstərir.

Azərbaycanın OPEC+ formatı çərçivəsində iştirakı ölkənin iqtisadiyyatına çox müsbət təsir göstərir: "Ona görə düşünürəm ki, biz bu təşəbbüsdə fəaliyyətimizi davam etdirəcəyik", - deyə nazir qeyd edib.

ABŞ-ın İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinə toxunan P. Şahbazov onu da bildirib ki, sanksiyaların sərtləşdirilməsi bazarda neft ehtiyatlarının azalması ilə nəticələnəcək.

Ümumilikdə, nazirin fikrincə, sanksiyaların neft bazarına nə cür təsir edəcəyini demək çətindir. Belə ki, hazırda dünya iqtisadiyyatının 3,6%-dən 3,1%-ə azaldığını müşahidə edirik. Bundan başqa, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyatları cüzi də olsa qalxmaqdadır.

"Bu faktorları da nəzərə almaq lazımdır. Düşünürəm ki, sanksiyalar hazırda bazara radikal təsir göstərməməlidir. Amma bunu vaxt göstərər", - nazir əlavə edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR