OPEC+ formatı qlobal neft bazarında pozitiv dinamikaya nail olmağa imkan yaradıb. ONA-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz növbəsində OPEC+ formatını dəstəkləməyə davam edəcək: “Bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin zəngin neft tarixinin əlamətdar hadisələrindəndir”.
Nazir onu da bildirib ki, hazırda neft bazarında müsbət dinamika müşahidə olunur. OPEC+ formatı çərçivəsində əməkdaşlıq dünya energetika bazarına təsir edə biləcək effektiv bir platformadır: “Bizim OPEC+ çərçivəsində əməkdaşlığımız risklərin yumşaldılması istiqamətində əvəzolunmazdır. Artıq müsbət nəticələrə nail olunub”.
P. Şahbazov OPEC+ formatının dünya neft bazarına olduqca vacib dəstək verdiyini bildirib və qeyd edib ki, bu tədbir neft bazarının hazırkı vəziyyətini təhlil etməyə və proqnozlar verməyə imkan yaradacaq.