İlk DOST mərkəzinin binasının tikinti işləri artıq tamamlanıb. Mərkəzin açılışı yaxın günlərdə baş tutacaq. ONA-nın xəbərinə görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüşdə çıxış edərkən deyib.
S. Babayevin sözlərinə görə, əhali üçün belə bir DOST mərkəzlərinin yaradılması nazirliyin göstərdiyi bütün sahələr üzrə xidmətləri bir araya toplayacaq.
"Növbəti addım təqaüdlərin verilməsi proqramıdır. Biz bu məsələni beynəlxalq təcrübə fövqündə təhlil etdik və yanvarın 1-dən tamamilə avtomatlaşdırılmış təqaüdlərin təyin edilməsi sistemini işə saldıq. Bu sistem vasitəsilə artıq 7 min nəfər faydalanıb. Aprel ayında biz avtomatlaşdırılmış təqaüd sistemini əlilliyi olan şəxslər üzrə də tətbiq edəcəyik. Bundan başqa avtomatlaşdırılmış sosial müavinətlər sisteminin də tətbiqi gözlənilir", - deyə nazir bildirib.
S. Babayev əlavə edib ki, təqaüd sistemi əhalinin 13%-ni əhatə edir, sosial imtiyazlar sistemi isə 600 min nəfəri əhatə edəcək, bu da əhalinin 6%-i deməkdir.