• İQTİSADİYYAT

    09:37 19 aprel 2019

Neftçala Sənaye Məhəlləsində bu il 360 avtomobil istehsal olunub

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan və İran müştərək avtomobil zavodunda cari ilin birinci rübündə 360 avtomobil istehsal olunub. Azərbaycan İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu nazir Şahin Mustafayev İranlı həmkarı Sənaye, Mədən Və Ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, istehsal olunan avtomobillər satılıb. Ötən il ərzində zavodda 1 000-dən çox avtomobil istehsal olunub. Azərbaycanda 1 000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

Görüşdə həmçinin, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.

Görüşdə Ş. Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və s. sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində R. Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını, hər iki ölkənin prezidentlərinin İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı yüksək siyasi münasibətlərin iqtisadi tərəfdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını, iqtisadi-ticarət əməkdaşlığın dərinləşdiyini vurğulayıb. İranlı nazir qeyd edib ki, ölkəsində sahibkarlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bu imkanlardan yararlana bilərlər.

Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrə dair müzakirələr aparılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR