Dünya birjalarında neftin qiyməti yetərincə volatil olacaq. Bunu ONA-ya "Fitch Ratings" agentliyinin təbii ehtiyatlar və əmtəə müəssisələri üzrə direktoru Dmitri Marinçenko bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən neftin qiyməti yetərincə artıb. Ötən ilin sonu neftin bir barelə görə orta qiyməti 50 ABŞ dolları təşkil edib. Hazırda qiymətlər 70 dollaradək artıb.
"Bu qiymətlər əksər neft istehsalçısı olan ölkələr üçün yetərincə komfortlu qiymətdi. Biz hesab edirik ki, neft bazarında yüksək volatillik saxlanılacaq. Bir çox risklər var ki, neftin qiymətinin həm bahalaşmasına həm də ucuzlaşmasına təsir edə bilər. Əgər neftin qiymətinin artımından danışsaq onda təsiredici amil kimi Venesuelada baş verənləri göstərmək olar. Çox güman ki, bu ölkədə neft istehsalı azala bilər və bu, dünya bazarında neftin qiymətini artıra bilər. Həmçinin, ABŞ-ın İran neftinə qarşı tətbiq etdiyi sanksiyalar da qiymətə təsir edən amillərdən olacaq", - deyə D. Marinçenko bildirib.
"Fitch Ratings"in rəsmisi onu da əlavə edib ki, əgər neftin qiymətinin enmə risklərindən danışsaq, o zaman ilk növbədə neftə olan tələbatdan danışmalıyıq: "Biz dünya iqtisadiyyatında müəyyən qədər yavaşlama proqnozu ilə çıxış edirik ki, bu da neftə olan tələbatı bir qədər azalda bilər. Əgər dünya iqtisadiyyatında yavaşlama analitiklərin gözlədiyindən çox olarsa, o zaman neftin qiymətinin enməsindən danışmaq olar. Lakin bu zaman da bazarda neft təklifi az olacaq. Nəticədə, hesab edirik ki, dünya birjalarında neftin qiyməti yetərincə volatil olacaq. Əgər neftin orta dəhliz qiymətindən danışsaq, o zaman deyə bilərik ki, bu göstərici 50-70 dollar arasında dəyişəcək".