Azərbaycan qazının Avropaya tədarükünu 2020-ci ildən mümkün edəcək Cənub Qaz Dəhlizi üzrə işləri tam başa çatması perspektivdə SOCAR-a ölkənin digər neft-qaz yataqlarının işlənməsinə diqqətin genişləndirilməsinə imkan yaradacaq. Bu bərədə ONA-ya neft və qaz bazarında olan etibarlı mənbədən bildirilib.
Mənbənin sözlərinə görə, hazırda Azərbaycan tərəfinin bütün diqqəti, gücü və maliyyə resursları əsasən "Şahdəniz-2" layihəsinin həyata keçirilməsinə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisinə yönəlib ki, bu da sözügedən layihələrin vacibliyindən irəli gəlir: "Bunlar ciddi iqtisadi öhdəliklər və maliyyə investisiyaları nəzərdə tutan böyük və vacib beynəlxalq layihələrdir. Ona görə də hazırda diqqət məhz bu layihələrə yönəlib".
Bütün bu işlər uğurla başa çatdıqdan sonra maliyyə və müasir texnologiyaların tətbiqi ilə yanaşı həssas diqqət və yanaşma tələb edən bir sıra digər sahələrlə, məsələn, "Ümid-Babək", "Abşeron" və s. inkişafı ilə daha yaxından məşğul olmağa imkan yaradacaq.
Mənbəyə əsasən, neftin qiymətinin sabitləşməsi (1 barel üçün 65-70 dollar arasında yer alması) Azərbaycanda neft və qaz sahəsinin inkişafına çox müsbət təsir göstərir.
"Hazırda vəziyyət yaxşılaşıb. Qiymətlər stabilləşərək yaxşı bir orta səviyyədədir. Bu, öz növbəsində, genişmiqyaslı qaz istehsalı və onun Qərbə nəqli üzrə layihələrin həyata keçirilməsinə, eləcə də "Azəri-Çıraq-Günəşli" blokunda işlərin genişləndirilməsinə əlavə vəsaitlərin yönəldilməsinə imkan yaradır. Gələcəkdə bu layihələr çərçivəsində işlərin tamamlanması digər layihələr üzrə aparılan işlərin daha da gücləndirilməsinə və onlara sərf olunan vəsaitin artmasına gətirib çıxaracaq", - deyə mənbə bildirib.
Mənbənin fikrincə, bütün bunlar ölkədə yeni neft yataqlarının axtarışına və hazırkı yataqlarda işlərin genişləndirilməsinə imkan yaradacaq ki, bu da hasilatın sabitləşməsi və artırılması üçün olduqca vacibdir.