“Cənubi Qafqazın subyektləri və ölkələri ilə Rusiya Federasiyası arasında olan ümumi ticarət dövriyyəsinin 45 %-i Azərbaycanın payına düşür”.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda 5 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılıb: “Ümumilikdə bu sənaye zonalarında 83 rezident fəaliyyət göstərir. Bu sənaye zonalarında 6 milyard manatdan çox investisiyanın yatırılması və minlərlə iş yerinin açılması nəzərdə tutulur. Hacıqabul sənaye məhəlləsində 10 rezident qeydiyyatdan keçib. Artıq sənaye məhəlləsinin tikintisi başa çatıb. İki rezident artıq fəaliyyətə başlayıb. Digərlərinin də avadanlıqları gətirilib və test rejimində çalışdırılması təmin edilib. Sənaye məhəlləsinə 60 milyondan artıq vəsait yatırılacaqdır. 11 milyon manat vəsait artıq yatırılıb. Tikinti işlərinə və digər işlərlə birlikdə 70-dən çox işçi cəlb edilib. Azərbaycan Respublikası Rusiya Federasiyasının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Cənubi Qafqazda Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi ümumi dövriyyənin 45 %-ni təşkil edir”.