İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən indiyədək təxminən 6800-ə qədər lisenziya verilib.
ONA-nın xəbərinə görə, bunu elektron satınalma modelinə keçid istiqamətində yaradılan vahid internet portalının (esatinalma.gov.az) təqdimetmə mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, lisenziyalar və icazələr portalı yaradıldığı tarixdən (2018-ci ilin mart ayı), onun vasitəsilə sahibkarlara 710-dan çox elektron lisenziyanın verilməsi təmin olunub.
Nazir müavini qeyd edib ki, ölkədə sahibkarlıq sahəsində sistemli tədbirlər keçirilir və bütövlükdə onlar sahibkarlığın inkişafına yönələn işlərdir: "Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 39 ay ərzində, vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 911 yoxlama, o cümlədən 2019-cu ilin yanvar ayı ərzində 266 yoxlama keçirilib. Müqayisə üçün qeyd edim ki, yoxlamaların dayandırılmasından əvvəlki 39 ay ərzində, vergi yoxlamaları istisna olmaqla, 189 mindən çox yoxlama keçirilib".
N.Səfərov əlavə edib ki, Azərbaycanda 2016-cı ildən tətbiq olunan investisiya tətbiqi mexanizmi qeyri-neft sektorunun və özəl investisiyaların artımına ciddi töhfə verib: "İndiyədək 345 layihəyə investisiya təşviqi sənədi verilib. Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə təxminən 3 milyard manatadək investisiya yatırılması və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur".