Rusiyanın "Nordstar" aviaşirkəti yeni təyyarələrin tədarükünün gecikməsi ilə əlaqədar bir neçə marşrut üzrə uçuşları dayandırıb.
ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, "Nordstar" Norilsk-Samara-Bakı və Norilsk-Ufa-Anapa marşrutu üzrə uçuşlarını müvəqqəti dayandırır. Sözügedən aviareyslərin sərnişinlərinə digər yaxın tarixlər və ya Moskva üzərindən uçuşlar təklif olunur.
Bundan başqa, analoji səbəbdən şirkət Norilsk-Nijni Novqorod-Belqorod istiqaməti üzrə uçuşları dayandırıb, Norilsk-Yekaterinburq-Rostov marşrutu üzrə isə uçuşların sayını azaldır.
Qeyd edək ki, bu ilin əvvəlində şirkətin aviaparkında 10 "Boeing" təyyarəsi var idi (9 “Boeing-737-800” və 1 “Boeing-737-300”). Apreldə isə aviadaşıyıcı donanmasında 7 “Boeing-737-800” təyyarəsinin olduğunu bildirib. Donanmanın azaldılması səbəbi məlum deyil.