Azərbaycanda Novruz bayramına qədər 1 200 şəhid üzrə 1 928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək. Bununla da ödəmə almış vərəsələrin sayı 7 894-ə çatacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya verilən məlumata görə, Nazirlik nəzdində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb.
Qeyd edək ki, indiyədək artıq 5 491 şəhidin 7 894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.