Oğuz Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 33 kənd və 1 şəhərində heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Dövlət Baytarlıq Xidmətindən ONA-ya verilən məlumata görə, rayon ərazisində 21 493 baş iribuynuzlu, 46 033 baş xırdabuynuzlu, 50 baş donuz, 736 baş təkdırnaqlı, 3936 baş sahibli it və 134 895 baş ev quşu mövcuddur. Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 22 950 baş iribuynuzlu, 736 baş təkdırnaqlı heyvanda (504 baş at, 232 baş qatır-uzunqulaq), 45 baş donuzda qarayara, 3 936 baş sahibli itdə quduzluq, 45 baş donuzda taun, 16908 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Fevral ayından Oğuz rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 22911 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb. Mart ayının ilk günlərindən isə Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 7553 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklər, o cümlədən qan-parazitar və invazion xəstəliklərə görə sahibkarın vəsaiti hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir. Oğuz rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.