• İQTİSADİYYAT

    13:28 31 may 2019

Oqtay Əsədov ticarət mərkəzlərində POS-terminalların işləməməsindən şikayətlənib

“Hökumət üzvləri büdcənin qəbulu zamanı parlamentin iclasında iştirak edir. Büdcənin icrası ilə bağlı məsələ müzakirə olunarkən isə parlamentə gəlmirlər, əmindirlər ki, sənəd qəbul olunacaq”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, büdcənin icrasının müzakirə olunduğu bu iclasa yalnız maliyyə naziri Samir Şərifov və vergilər naziri Mikayıl Cabbarov gəlib: “Büdcənin icrasının müzakirəsində hökumət aktiv iştirak etməlidir”.

Deputat çıxışında Büdcə Məcəlləsinin hazırlanmasını təklif edib: “Millət vəkilləri bilməlidirlər ki, hansı rayonların icra başçıları ayrılan vəsaitləri xərcləmirlər. Açıqlansın, biz həmin vəsaitləri şimal rayonlarında xərcləyək”.

V.Əhmədov nağdsız ödənişlər sahəsində ciddi irəliləyiş əldə olunmamasından da şikayətlənib.

Spiker Oqtay Əsədov isə deputatın hökumət üzvlərinin parlamentə büdcənin icrası ilə bağlı müzakirələrdə iştirak etməməsi barədə iradına və təkliflərinə münasibət bildirib: “Bu gün Polşanın Prezidenti Azərbaycana səfərə gəlib, hökumət üzvləri həmin tədbirdədir. Digər tərəfdən, biz sahibkarları dəstəkləyirik. Ancaq ticarət mərkəzlərinə kim yaxınlaşır, həmin obyektlərin çoxunda POS-terminallar çox vaxt işləmir. Vergilər naziri bu məsələyə diqqət yetirməlidir. Millət vəkillərinin əksəriyyəti şikayətlənir ki, əməkhaqını kartla alır, POS-terminallar işləmədiyi üçün məcburdurlar ki, kartdan vəsaiti çıxarıb, nağd şəkildə istifadə etsinlər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR