ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfiri Örl Litzenberqer Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda spiker qismində çıxış edib. ONA-nın "AmCham Azerbaijan"a istinadən verdiyi məlumata görə, Ö. Litzenberqer “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı Ağ sənəd də daxil olmaqla, Azərbaycanın işgüzar mühitinin yaxşılaşdırılmasına kömək etmək üçün göstərdiyi səylərə, habelə Palatanın Azərbaycan hökuməti ilə sahibkarlar və istehlakçılar arasında daha güclü dialoqun aparılmasında və ABŞ ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlərə görə Palataya öz təşəkkürünü bildirib.
O, həmçinin, ABŞ-la Azərbaycan arasındakı tərəfdaşlığı möhkəmləndirilməsi və daha da inkişaf etməsi üçün konkret və innovativ həll yollarını tətbiq etdiklərinə görə "AmCham"a, onun prezidenti Nuran Kərimova və İcraçı direktoru Natəvan Məmmədovaya öz təşəkkürünü bildirdi. Səfir ABŞ-ın Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verdiyini vurğulayaraq, ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacağını ifadə edib.
Ö.Litzenberqer Birləşmiş Ştatların Ali Diplomatik Xidmətinin peşəkar üzvüdür və 2019-cu il 2 yanvar tarixində ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ Senatı tərəfindən təsdiq edilib. Naharda səfirlə yanaşı "AmCham"ın 100-dən çox üzvü və tərəfdaşı, habelə diplomatik korpusun nümayəndələri iştirak edib.