Bu gün ölkələr turistlərin cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisi turizm sənayesində mövcud meyllərin və çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır. ONA xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2019”) sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, artıq ənənəvi olaraq keçirilən müasir dövrdə iqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərdən fundamental dərəcədə fərqlənir: " Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır. Bu gün ölkələr turistlərin cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Bu əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir. Bu baxımdan, ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində mühüm diqqət yetirilir".
O. Məmmədov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır: "Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin Azərbaycana cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi sahəsində məqsədyönlü işlər görülüb. Turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur. Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir".
O, Məmmədov əminliklə bildirib ki, birgə səylər nəticəsində turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, bütövlükdə isə turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcək".