Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336032,6 min manat məbləğində vergi və rüsum daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 116 369 min manat və ya 52,98% çox deməkdir.
Bu barədə ONA DGK-nın statistik məlumatlarına istinadən xəbər verir.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 181,2 min manat və yaxud 22,34% artaraq 72 164,3 min manat olub.
ƏDV üzrə daxilolmaların həcmi 248642,9 manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 15594,2 min manat və ya 6,69% çoxdur. Bu ilin fevral ayında aksizlər üzrə büdcə daxilolmaları 12048,5 min manat təşkil edib ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 88,54% və ya 5658,3 min manat çox deməkdir.
Bundan başqa, 2019-cu ilin fevralında yol vergisi üzrə daxilolmalar 3176,9 min manat təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 22,22% və ya 577,7 min manat artıqdır.