2018-ci ildə Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2017-ci illə müqayisədə 37,9 min ton azalaraq ümumilikdə 1 122,6 min ton təşkil edib ki, onun da 84,6%-i və ya 950,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 6,4%, avtomobillərdən atılmış maddələrin həcmi isə 2,7% azalıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdən atmosferə təmizlənmədən atılan zərərli maddələrin 57,9%-i təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində yeni qaztəmizləyici qurğuların istifadəyə verilməsi, mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması və texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində hava hövzəsinə il ərzində 1,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb. Tullantıların həcmi sənaye mərkəzlərindən olan Mingəçevir şəhərində 4,7 min ton, Şirvan şəhərində 1,9 min ton, Sumqayıt şəhərində 0,3 min ton azalıb, Bakıda isə 7,9 min ton artıb.
Atmosferə atılmış bütün zərərli tullantıların 66,7%-ni karbohidrogenlər, 12,1%-ni azot oksidi, 9,7%-ni karbon oksidi, 0,4%-ni kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.