140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, bunu Komitənin sədri Kərəm Həsənov qurum tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir.
Komitə dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsi sahəsində zəruri tədbirlər yerinə yetirib. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsi ilə onlayn rejimdə qəbul edilməkdədir. Artıq 5 000-ə yaxın dövlət müəssisə və təşkilatından illik xüsusi hesabatlar elektron qaydada yığılıb. Bu sahədə daha bir yenilik dövlət müəssisələri tərəfindən əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirilməsi olub. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsinin tam olaraq elektronlaşması istiqamətində işlər daha da genişləndirilir. Cari ilin ilk üç ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 42 hərrac keçirilib. Bu dövrdə 260-a yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan olunub, 35 milyon manat investisiya qoyuluşu, eləcə də azı 600 yeni iş yerinin yaradılmasına dair tələblər irəli sürülmüşdür. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na 3 ay ərzində 200 mindən çox baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,3 milyonu ötüb.