Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları tənzimlənəcək.
ONA-nın məlumatına görə, bununla bağlı qanun layihəsi Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bu il martın 1-də qüvvəyə minməsi nəzərdə tutulan “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsinə əsasən, dövlət əmlakının satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinə olan əmlakı və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya paketində) ayrıca göstərilir.
Bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinəcək:
- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən 1 il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi silinəcək;
- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən 2 il müddətində bu borcların 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi silinəcək;
- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən 3 il ərzində bu borcların 70 faizi ödənildikdə ödənilməmiş borcların 30 faizi silinəcək.
Layihədə qeyd edilir ki, bu müddəalar dövlət əmlakının bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək.
Sənədə əsasən, dövlət əmlakının satıcısı dövlət əmlakının özəlləşdirilməsinin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.