Azərbaycanda özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada verilib. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir. İlkin qiymət 3 min manat təyin olunan dövlət əmlakının ümumi faydalı sahəsi 28.6 kv.m-dir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirildi. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir. Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125.2 kv.m-dir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirilib.
Budəfəki özəlləşdirmə hərracında rəqabət nəqliyyat vasitələri üçün də xarakterikdir. Belə ki, hərracda 10 nəqliyyat vasitəsi üzrə 41 sifariş verilib. Buraxılışı 2007-ci ildə olan "Nissan Sunny" markalı avtomobil üçün ilkin qiymət 4 min manat təyin olunub. İştirakçılar arasında mübarizə dövlət əmlakının son hərrac qiymətini 7 200 manata yüksəltdi. Fəal iştirak şəraitində özəlləşdirilən digər avtomobillərdən biri də "Mercedes-Benz" markasına aiddir. Bu nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 7 min manat olsa da, avtomobil 11 min manat təklif edən şəxs tərəfindən özəlləşdirildi. "Mitsubishi", "Hyundai", "Nissan" və BMW markalarından olan digər nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2008-ci illərdir. Bu avtomobillər isə əksəriyyəti rəqabət şəraitində olmaqla 4 500-11 800 manat aralığında təklif olunan qiymətlərə özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.