Pakistanın nüfuzlu IJAAER jurnalında azərbaycanlı alimlərin “Dayanıqlı kənd təsərrüfatı və ətraf mühit: Azərbaycan kontekstində modern siyasət necə dəstəklənir” adlı məqaləsi dərc olunub.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, azərbaycanlı alimlər -Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Qərib Məmmədov, aqrar elmləri doktorları, Ağamir Həşimov və Mehman Rzayevin müəllifləri olduğu “Dayanıqlı kənd təsərrüfatı və ətraf mühit: Azərbaycan kontekstində modern siyasət necə dəstəklənir” (Sustaınable agrıculture and envıronment: how the modern polıcy ıs promoted ın Azerbaıjan context) məqaləsi nüfuzlu Pakistan Elmi Tədqiqat Cəmiyyətinin rəsmi orqanı olan “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Araşdırmaları” jurnalında (IJAAER- International Journal of Agricultural and Environmental Research) çap olunub. Məqalə müasir şəraitdə Azərbaycanda əkinçiliyin dayanıqlığı və ətraf mühitə təsirləri tədqiq edilib. Ölkədə 2015-ci ildən sonra qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsinin strateji məsələ kimi baxılması həm kənd yerlərində əhalinin yaşayış səviyyəsinin qaldırılması, həm də gəlirliyin artırılması baxımından əhəmiyyəti nəzərdən keçirilib. Bu tədqiqat çərçivəsində kənd təsərrüfatının davamlılığına əsas təsir göstərən amillər -əhalinin artımı, əsas bitkilərin məhsuldarlığı, ehtiyatlardan istifadə, o cümlədən suvarılan sahələr, su ehtiyatlarından istifadə, gübrələrin tətbiqi tendensiyaları, torpaqların ekoloji-meliorativ vəziyyəti, təsərrüfat səviyyədə əkinçilik təcrübəsi, xırda təsərrüfatlarının səmərəliliyi kimi göstəricilərə əsasən təhlil edilib.
Mehman Rzayevin ONA-ya bildirib ki, məqalədə Azərbaycanda əsas kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılıq dərəcəsinə əsasən adambaşına düşən məhsul istehsalının artırılması üzrə kompleks tədbirlər təklif edilir.
Qeyd olunub ki, ekoloji və iqtisadi cəhətdən səmərəli suvarma sxemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə müasir texnologiyaların tətbiqi tələb edildiyi üçün kənd təsərrüfatı, suvarma və su resursları mühəndisliyi ixtisasları üzrə kadrlar hazırlayan universitetlərin gücləndirilməsi vacibdir. Bu məsələ mühəndislər, ətraf mühit üzrə mütəxəssislər və planlaşma üzrə mühəndislər hazırkı çətinliklər və çağırışlar nəzərə alınmaqla, kənd təsərrüfatı təcrübələrində tətbiq edilən müasir texnologiyaların öyrənilməsi və tətbiqinə əsasən təmin ediləcək.