2014-cü ilin II yarısından bu günə qədər neft bazarında qeyri-sabitlik müşahidə olunur. OPEC+ formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq qeyri-sabitlik hələ də qalmaqdadır. ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, hazırda neftin 70 ABŞ dolları ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir: “Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir. Mövcud iqtisadi və siyasi amillərin təhlili də göstərir ki, hazırda tələb-təklif tarazlığı üçün başlıca meyar kommersiya meyarıdır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları son 5 ilin orta göstəricilərindən çoxdur. Həmçinin təşkilatdan kənar ölkələr, o cümlədən ABŞ son illər şist neft hesabına əldə etdiyi hasilat göstəriciləri ilə ənənəvi neft hasilatçılarını geridə qoyub. Buna görə də OPEC+ çərçivəsində əldə edilmiş razılığın bu ilin aprel ayında 168% yerinə yetirilməsi, üstəlik razılaşmadan kənarda qalan bir sıra OPEC ölkələrində hasilatın azalması, qlobal neft bazarında ticarət məhdudiyyətlərinə və geosiyasi qeyri-sabitliyə baxmayaraq, neft tədarükündə çatışmazlıq və bundan irəli gələn yüksək qiymət dəyişikliyi müşahidə olunmur”.
P. Şahbazovun sözlərinə görə, razılaşma çərçivəsində hasilatda gündəlik təxminən 2 mln. barellik azalma, bazardakı artıq təklifi tam kompensasiya edə bilməyib: “Buna görə də indi OPEC+ ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.
Nazir həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4% olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 mln. barelə qədər azalacağı proqnozlaşdırılır: “Ötən il dünyada enerjiyə tələbat son illərdə ən yüksək səviyyədə olsa da, Avropada enerjiyə tələbat xüsusilə də bərpa olunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. 2050-ci ilə qədər neft-qazın ümumi idxalındakı nisbəti 55%-dən 20%-ə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.