“Azərbaycan və Böyük Britaniya arasında dərin və geniş tarixə malik enerji əməkdaşlığı var”.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 3-cü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O, iclasda mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrə dair müzakirələrin aparıldığını bildirib.
“İki ölkə arasında enerji sahəsində əməkdaşlı münasibətlərimiz üçün çox gözəl əsas yaradır. Biz də enerji sahəsində olan strateji əməkdaşlığı iqtisadiyyatın digər sahələrinə yönəltmək istəyirik. Sözsüz ki, Azərbaycan Prezidenti ilə Britaniyanın baş naziri arasında işgüzar və yaxın münasibətlər mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti seçildikdən sonra cənab İlham Əliyev ikinci səfərini Britaniyaya edib və baş nazir Tereza Mey ilə ikitərəfli münasibətlərə dair müzakirə aparıb. Bu müzakirələr zamanı enerji və neft-qaz sahəsində yeni saziş imzalanıb”.
Pərviz Şahbazov iki ölkə arasında ticarət dövriyyəsində ötən il ərzində 60 faiz artım olduğunu qeyd edib. “Bu ilin birinci rübündə isə 89 faiz artım qeydə alınıb. Bu onun göstərir ki, iqtisadi münasibətlərdə müəyyən bir dinamika var. Biz düşünürük ki, bu dinamikanı ticari və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün istifadə etmək lazımdır".