Azərbaycan və İran Pirallahı Sənaye Parkında dərman istehsalı üzrə zavod inşa edəcək. ONA-ın məlumatına görə bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes və investisiya forumu çərçivəsində çıxış edərkən deyib.
"Pirallahı Sənaye Parkında birgə müəssisəmiz tərəfindən dərman istehsalı zavodunun tikintisinə başlanacaq. İnanıram ki, biz bu layihəni də uğurla başa çatdıra biləcəyik",- deyə nazir bildirib.
Nazir ötən il Neftçalada Azərbaycan və İran prezidentlərinin iştirakı ilə avtomobil istehsalı zavodunun istismara verilməsinə də toxunub. Onun sözlərinə görə, hazırda zavod uğurla fəaliyyət göstərir, birada qısa müddət ərzində 1 000-dən çox avtomobil istehsal olunub: "Çox önəmlidir ki, istehsal olunan avtomobillərin 90%-i artıq satılıb".
Azərbaycanla İran arasında olan ticarət əlaqələrinə toxunan nazir onu da vurğulayıb ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 74% artıb.
"Bu onu göstərir ki, ölkələr arasında olan əlaqələr yüksək səviyyədə inkişaf edir. Əlaqələr neft, energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, İKT və s. sahələri əhatə edir. Kənd təsərrüfatı sahəsini, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sahəsini vurğulamaq istərdim. Hesab edirik ki, iki ölkə arasında böyük imkanlar var və mən bizim sahibkarları kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığa çağıram", - deyə nazir qeyd etdi.