Azərbaycan Beynəlxalq Bankı "IBAm" mobil tətbiq istifadəçiləri üçün yenilik təqdim edir. Belə ki, "IBAm"ın funksiyaları sırasına “Cash by Code” xidməti də əlavə olunub. ONA-ya bankdan daxil olan məlumata görə, “Cash by Code” asan pulköçürmə xidmətidir. Bunun üçün Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibi və "IBAm" istifadəçisi olmaq lazımdır. Belə ki, bu xidmət vasitəsilə müştərilər heç bir bank ofisinə getmədən kartı olmayan şəxslərə pul göndərə, yaxud plastik kartları üzərlərində olmadığı hallarda da bankomatdan nağd pul çıxara bilərlər.
Xidmətdən istifadə etmək üçün kart sahibi "IBAm"a daxil olaraq “Köçürmələr” bölməsində “Cash by Code” xidmətini seçir. Məbləği, valyutanı və vəsaiti əldə edəcək şəxsin mobil nömrəsini daxil edir. Bu zaman sistem kodun birinci hissəsi olan xüsusi 5 rəqəmli kod yaradaraq onu telefonun ekranında əks etdirir. Həmin kod paralel olaraq vəsaiti göndərən şəxsə SMS vasitəsilə də daxil olur. Eyni zamanda vəsaiti əldə edəcək şəxsin mobil nömrəsinə də kodun ikinci hissəsi olan 5 rəqəm SMS vasitəsilə daxil olur.
Yekunda 10 rəqəmli kodu, göndərilən vəsaitin məbləğini və valyutasını bankomatın “Cash by Code” bölməsinə daxil etməklə vəsaiti nağdlaşdırmaq mümkündür.
"iOS" və "Android" istifadəçiləri Azərbaycan Beynəlxalq Bankının "IBAm" mobil əlavəsini həm "AppStore", həm də "Google Play"dən yükləyə bilərlər.