“Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub: “Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək”.
Azərbaycan Prezidenti əlavə edib ki, əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq: “Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.