• İQTİSADİYYAT

    13:01 29 may 2019

Prezident: “İndi Azərbaycan neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur”

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

ONA-nın xəbərinə görə, dövlət başçısı iştirakçıları sərgi və konfransının açılışı münasibətilə salamlayıb və təbrik edib.

Prezident qeyd edib ki, artıq böyük nüfuza malik ənənəvi tədbir təşkil olunduğu ilk vaxtlardan bəri keçən müddətdə Azərbaycanın neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin beynəlxalq aləmə çatdırılmasında aparıcı platformaya çevrilib: “Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və gerçəkləşdirilmiş neft strategiyasının təməl daşı olan “Əsrin Müqaviləsi”nin 25-ci ildönümünə təsadüf etməsi builki sərgi və konfransın əhəmiyyətini daha da artırır.

Bu il ölkəmizin neft sənayesi tarixində daha bir hadisə ilə əlamətdardır. Yetmiş il əvvəl, 1949-cu ildə məhz Bakıda əfsanəvi Neft Daşlarında ilk dəfə olaraq açıq dənizdə neft hasilatına başlanılması ilə dünya neftçıxarma sənayesi yeni dövrə qədəm qoyub.

İndi Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan respublikamızın dinamik inkişafı nəticəsində əldə etdiyimiz nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişlərə gətirib çıxarıb.

Ölkəmiz bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışıq. Dünya neft sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə geniş miqyaslı investisiya layihələri həyata keçirməkdədir.

Ötən il Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi olub, daha sonra TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Layihənin icrası müstəqillik illərində enerji strategiyamızın ən yaddaqalan uğurlarındandır. TANAP eləcə də ölkəmizin iqtisadi qüdrətini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu aydın şəkildə nümayiş etdirdi. Əminəm ki, yaxın zamanda “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin tamamlanması ilə böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” də icra edilmiş olacaq. Bu isə bizə imkan yaradacaq ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına şaxələndirilmiş yolla qısa və təhlükəsiz şəkildə çatdırılsın.

İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və konfransınız aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR