• İQTİSADİYYAT

    15:23 26 avqust 2019

Putinin xidməti avtomobilini istehsal edən zavodun baş direktoru: "Rusiyanı çox sevirəm, lakin tarixi vətənim Azərbaycandır" - MÜSAHİBƏ

Rusiya avtomobil sənayesinin bir nömrəli adamı, prezident Vladimir Putinin xidməti avtomobili olan "Aurus"un istehsal olunduğu zavodun baş direktoru, həmyerlimiz Adil Şirinovun APA-nın Moskva müxbirinə müsahibəsi

Qeyd: Adil Şamil oğlu Şirinov Rusiyanın lüks avtomobil seqmentində ilk istehsalı olan "Aurus" markalı avtomobil zavodunun baş direktorudur. Rusiyada avtomobil sənayesində ən önəmi fiqur sayılan Adil Şirinov "Aurus" kompaniyasına rəhbərlik etməklə yanaşı, həm də Rusiyanın məşhur Ulyanovsk Avtomobil Zavoduna (UAZ) və "Ford Sollers" Məhdud Məsuliyyətli Cəmiyyətə (Rusiyada yığılan Ford markalı avtomobillərin zavodu - red.) də rəhbərlik edir. Rusiyanın avtomobil sənayesi sahəsində qazandığı uğurlar həmyerlimizi dünyada avtomobil sənayesinin tanınmış fiqurlarından birinə çevirib.

- Adil müəllim, bu gün Rusiyanın avtomobil sənayesi sahəsində ən tanınmış simalardansınız. Hətta bu sahənin mütəxəssisləri Sizi ölkənin avtomobil sektorunun ən səriştəli mütəxəssisi hesab edirlər. Haqqınızda isə çox az məlumat var. Azərbaycan ictimaiyyəti ilk dəfə Sizin haqqınızda Ulyanovsk Avtomobil Zavoduna, daha sonra isə "Aurus"a baş direktor təyin olunanda eşitdi...

- 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Bakıda, Qaqarin körpüsünün (Cavanşir körpüsü-red.) yanındakı 27 nömrəli məktəbdə orta təhsili almışam. 1982-ci ildə Rusiyaya gəlmişəm. Nijni-Novqorod şəhərində tərcüməçilik sahəsi üzrə ali təhsil almışam. Daha sonra təhsilimi Sankt-Peterburq şəhərində davam etdirmişəm. 30 ilə yaxındır ki, avtomobil sənayesi sahəsində çalışıram.

- Rusiyanın lüks avtomobil seqmentində ilk istehsal etdiyi "Aurus" avtomobilinin belə desək, gələcəyi Sizə tapşırılıb. Dünya avtomobil sənayesi dayanmadan inkişaf edir. Bu sahədə rəqabətin güclü və sərt olduğu desək, yanılmarıq. Bu cür sərt və rəqabətli ticarət mühitində "Aurus" nəyi hədəfləyir?

- Bildiyiniz kimi "Aurus" kütləvi seqmentə aid olmayan avtomobil brendidir. Lüks seqmentdə aid olan "Aurus"un çox sayda diller şəbəkəsi açmağa ehtiyacı yoxdur. Ona görə də biz daha çox potensial müştərilərə, sifarişçilərə istiqamətlənməli və düzgün reaksiya verməliyik. Qeyd edim ki, hazırda bizim məhsula MDB ölkələrindən böyük maraq var. Bu, təkcə ona görə deyil ki, Rusiyanın birinci şəxsinin, prezidentinin xidməti avtomobili "Aurus"dur. Ümumiyyətlə, mühəndis işi nöqteyi-nəzərindən bu avtomobil mükəmməl hazırlanıb. Təkcə, MDB-dən deyil, dünyanın bir sıra regionundan "Aurus"a böyük maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarımız "Aurus" səhmlərinin 36 faizinə sahibdirlər. Ərəblər bu layihəyə olduqca böyük maliyyə ayırıblar. Yaxın vaxtlarda direktorlar şuramız Yaxın Şərq və Şimali Afrika bazarlarında əməkdaşlığı necə formalaşdıracağımızı müzakirə edəcək. Biz təkcə Yaxın Şərq və Şimali Afrika bazarı ilə məhdudlaşmaq istəmirik, Çin və Avropa bazarlarını da hədəfləyirik. Bir sıra ölkə, o cümlədən Türkiyə bizim layihəyə maraq göstərir. Ümid edirəm ki, Azərbaycandan da bu layihəyə maraq göstəriləcək. Fikrimcə, o gün elə də uzaqda deyil. Mənə elə gəlir ki, bizim günəşli vətənimizə, günəşli Bakımıza yaxşı, gözəl rəngdə "Aurus" avtomobilləri çox yaraşar.

- Azərbaycandan sifariş verən olubmu?

- Hələlik, sifariş barədə heç nə eşitməmişəm. Bu, bir az da biz azərbaycanlıların xasiyyəti ilə də bağlı məsələdir. Bizim insanlar çox ciddi xasiyyətə malikdirlər. Ona görə də heç vaxt "biz də bundan istəyirik" deməzlər. Mənə elə gəlir ki, bir az vaxt keçəcək, Bakının küçələrində də "Aurus"lara rast gələcəyik.

- Adil müəllim, "Aurus Senat" avtomobilinin baza versiyasının qiyməti 18 milyon rubl, yəni, 273 min ABŞ dollarına bərabərdir. Bu qiymətlə "Aurus" bazarda rəqibi, ondan çox ucuz və bu sahənin birincilərindən olan "Mercedes S-class"la necə rəqabət aparacaq. Niyə insanlar "Mercedes S-class"ı deyil, "Aurus"u seçməlidirlər?

- Birincisi, onu qeyd edim ki, "Aurus Senat"la "Mercedes S-class" eyni seqmentə aid avtomobil deyil. "Aurus Senat " lüks seqmentinə, "Mercedes S-class" isə premium sinfə aid avtomobildir. "Senat"ın rəqibləri "Rolls-Roys" və "Bentley" avtomobilləridir. İkincisi, əgər "Mercedes S-class"ı "Senat"la yan-yana qoysaq, birincinin ikincinin yanında çox kiçik qaldığını görərik. Həm də texniki göstəricilərinə görə "Aurus Senat" üstündür. Bu avtomobilin V12 silindrli 1000 at gücünə malik olan versiyasının öz sinfində rəqibi yoxdur. Bu, çox böyük texniki göstəricidir. O ki qaldı avtomobilin interyerinə, qeyd edim ki, individual şəkildə sifarişçilərin arzuları maksimal dərəcədə yerinə yetiriləcək.

- Adil müəllim, Azərbaycanla əlaqələriniz necə, davam edirmi? Qeyd etdiniz ki, artıq 37 ildir, Rusiyada yaşayırsınız. Azərbaycan dilini unutmamısınız?

- Əlbəttə ki, Azərbaycanla əlaqələrim var. Təsəvvür edə bilmirəm ki, Azərbaycanla, vətənimlə əlaqəm olmasın. Necə ola bilər ki, doğma vətəninlə əlaqən olmaya... Mən Rusiya vətəndaşıyam. Rusiyanı çox sevirəm, hörmət edirəm. Lakin mənim tarixi vətənim Azərbaycandır. Hesab edirəm ki, gec-tez yaşamağa Azərbaycana gedəcəyəm. Ümid edirəm ki, Azərbaycana ömrümü başa vurmaq üçün deyil, yaşayıb, yaratmağa gedəcəm. Azərbaycanda qohumların, çoxlu tanışım var. O ki qaldı Azərbaycan dilinə, doğma dilimi unutmamışam. Düzdür, elə dövr olub ki, hətta 9 il Azərbaycana getməmişəm. Amma hər zaman əlaqədə olmuşam. Azərbaycan dilini unutmamışam. Bəzən yadırğıyıram, lakin Azərbaycana gedəndə, yaxınlarım, dostlarım, tanışlarımla bir-iki gün vaxt keçirəndən sonra səlis doğma dilimdə danışmağa başlayıram. (Müsahibə Adil Şirinovun öz xahişi ilə rus dilində alınıb. Adil müəllim Azərbaycan dilində çox səlis danışır - red.). Beş il öncə 50 illik yubileyimi Bakıda qeyd elədim. Bir təyyarə qonağım gəlmişdi. Onlara göstərmək istədim ki, azərbaycanlılar kimdir, mədəniyyətimiz, adət-ənələrimiz nədən ibarətdir. Qoy bilsinlər ki, biz təkcə bazarlarda pomidor və qərənfil satmırıq, baxmayaraq ki, bunun özü də böyük əməyin bir hissəsidir, bunu da bacarmaq lazımdır. Biz azərbaycanlılar Müslüm Maqomayev, Qara Qarayev, Mstislav Rastropoviç kimi dahilərin yetişdirdiyi nəslin nümayəndələriyik. Mən, bununla fəxr edirəm. Azərbaycanla əlaqələrim yüksək səviyyədədir. Tez-tez vətənimə gedib-gəlirəm. Sentyabr ayında Bakıya getməyi planlaşdırıram. UAZ-ın dillerlər konfransı keçiriləcək. Orada iştirak edəcəyəm.

- Azərbaycanın iqtisadi inkişafını necə qiymətləndirirsiz. Sizcə, Azərbaycanda avtomobil sənayesinin inkişafı potensialı mövcuddurmu?

- Azərbaycanın son 20 ildə göstərdiyi iqtisadi inkişaf tempi barədə danışa bilərəm. Qeyd edim ki, bu dövr ərzində Azərbaycan çox böyük proqressə, inkişafa nail olub. Bu inkişaf təkcə neft və qazın hesabına əldə olunmayıb. Hesab edirəm ki, biz daha çox sənayenin vertikal inteqrasiya yolunu seçərək əlavə gəlir qazanmaq barədə düşünməliyik. Çünki Azərbaycanın keyfiyyətli nefti və qazı var. Bundan başqa, fikrimcə, Azərbaycan turizm sənayesini inkişaf etdirməlidir. Məncə, bu sənaye növü bizdə hələ tam formalaşmayıb. Bəli, biz bu gün gözəl təbiəti, dağları, hotelləri görürük. Lakin bütün bunların yanında turizm infrastrukturu hələ tam formalaşmayıb. Qeyd edim ki, bu sahədə də inkişaf böyük sürətli templə gedir. Bakıya, Azərbaycanın digər rayonlarına gedib-gələnlər bir daha yenidən səyahət etmək istəklərini bildirirlər. Ona görə də, turizm sənayesi sahəsini daha inkişaf etdirmək lazımdır. Çünki bizim qonaqpərvərliyimiz fonunda bu düzgün addımdır.

O ki qaldı maşınqayırma və avtomobil istehsalı sənayesinə, bu sahənin inkişafı üçün də Azərbaycanda böyük potensial var. Bilirəm ki, Azərbaycanda bir sıra avtomobillər yığılır. Lakin buna çox diqqətli yanaşmaq lazımdır. Məncə, bu sahə, yəni, avtomobil yığımı o qədər də əlavə gəlir gətirmir. Bəli, iş yerlərinin açılması baxımından əlverişlidir. Lakin avtomobil yığımı sənayenin vertikal inteqrasiyasına kömək etmir. Bilirsinız, neft-kimya sahəsi inkişaf edən ölkədə avtomobil sənayesinin inkişafı üçün böyük potensial mövcud olur. Çünki neft-kimya metaldan sonra avtomobil sənayesinin ikinci istiqaməti sayılır. Neft-kimyanın hesabına belə layihələr həyata keçirmək olar. Azərbaycanda hansısa markanı ölkəyə maşın yığmaq üçün dəvət etməyə tələsməsinlər. Çünki həmin markaların sahibləri öz layihələrini həyata keçirərək satış bazarını genişləndirirlər. Biz isə öz sənayemizi, iqtisadiyyatımızı necə inkişaf etdirməyi düşünməliyik. Heç bir halda həmvətənlərimin mənim onlara nəyisə öyrətdiyimi düşünmələrini istəmirəm. Mən, sadəcə, bir sıra məsələlərə öz baxışımı açıqlayıram. Məsələn qonşumuz Türkiyəyə baxaq. Bu ölkə bu gün böyük sayda avtomobil istehsal edir. Onlar təkcə avtomobil yığmırlar, eyni zamanda mühəndis işini görürlər. Qonşu Türkiyədən nümunə götürmək olar. Onlar bu sahədə fantastik işlər görürlər. Bu gün dünyanın avtomobil sənayesinin nəhəng kompaniyalarının Türkiyədə avtomobil istehsal etməsi, yığmaları deyil, məhz istehsal etməsi bunun əyani sübutudur.

- Gələcəkdə Azərbaycanda hansısa layihəni həyata keçirmək planınız varmı?

- İndidən bunu demək tezdir. Nəzərə alaq ki, mən biznes adamıyam, müxtəlif avtomobil kompaniyalarını təmsil edirəm. Həyat yolu təəssüflər olsun ki, çox da uzun deyil. Hesab etmirəm ki, belə bir planım nə vaxtsa olacaq. Əgər bir gün vətənimə dönsəm, o zaman Rusiya biznesinin təmsilçisi kimi deyil, öz vətənim üçün, ruhum üçün nəsə etməyim mümkündür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR