Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 mlrd. kubmetrdən 1,5 mlrd. kubmetrə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilib.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, gündəlik məhsuldarlığı 3 mln. kubmetr olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 mln. kubmetrdən 13 mln. kubmetrə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.
Yeni stansiya SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. Layihəyə əsasən stansiya həm bir pilləli, həm də iki pilləli reyimdə işləyəcəkdir.
“Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Üeni komrressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaqdır”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Qeyd edək ki, Qalmaz yeraltı qaz qnbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılıb. Qalmaz neft-qaz yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. Qalmaz yeraltı qaz anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb.