Pul siyasəti sahəsində islahatların əsas istiqaməti Azərbaycan Mərkəzi Bankının (AMB) son bəyanatında öz əksini tapıb. İslahatların əsas məqsədi aşağı sabit və proqnozlaşdırıla bilən inflyasiyanın təmin etməkdən ibarətdir. Bu islahatlar pul siyasətinin transmissiyasında, xüsusən, faiz kanalının rolunu artırmağı nəzərdə turur. Bunun üçün pul bazarlarının aktivləşdirilməsi istiqamətində aidiyyatı orqanlarla birlikdə tədbirlər həyata keçirilməkdədir. ONA-nın məluatına görə, bunu "Fitch Ratings" agentliyinin Bakıda keçirdiyi tədbirdə çıxışı edən AMB-nin Monetar siyasət üzrə departamentinin rəhbəri Azər Ələsgərov bidlirib.
Onun sözlərinə görə, pul bazarları aktivləşdikdə orta faiz perspektivdə Mərkəzi Bankın pul siyasətinin əməliyyat hədəfi rolunu oynaya bilər: "Mərkəzi Bankın pul siyasəti alətləri də pul bazarındakı aktivliyi dəstəkləyir. Eyni zamanda, AMB-nin notlarının həcminin artması pul bazarının nkişafına bir töhfədir. Bu notlar pul bazarında girov aləti kimi istifadə oluna bilər. Ümumiyyətlə, Mərkəzi Bankın alətləri üzrə gəlirlik hazırda pul bazarında vacib bir reprezintativ göstəriciyə çevrilib. Bundan başqa, nağdsız ödənişlərin inkişafı istiqamətində görülən tədbirlər müvafiq proqrama uyğun olaraq monetar sahədə islahatları dəstəkləyir. Nağdsız ödənişlərin genişləndirilməsi üzrə proqramın reallaşdırılması qarşıdakı üç ildə nağdsız ödənişləri əhəmiyyətli dərəcədə artırmalıdır ki, bu da monetar nəzarəti əhəmiyyətli dərəcədə gücləndirəcək və pul siyasətinin effektivliyini artıracaq".