Qazax rayonunda Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
Azərbaycan İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, ümumilikdə, indiyədək birgə reallaşdırılan SEDA layihəsi çərçivəsində Qazax rayonu da daxil olmaqla 20 yem emalı müəssisəsi istifadəyə verilib.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Qeyd olunub ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Qazax rayonunda yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında yem emalı müəssisəsinin istifadəyə verilməsinin rayon sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını bildirib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Pərviz Musayev bu cür birgə layihələrin əhəmiyyətindən danışıb, regionların inkişafına töhfə verdiyini qeyd edib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.