• İQTİSADİYYAT

    10:51 5 mart 2019

Qeyri-neft sektorundan büdcəyə daxilolmalar 475 milyon manat artıb

Keçən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 9 milyard 108,4 milyon manat və ya 103,5 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 305,4 milyon manat, 2017-ci illə müqayisədə 475,7 milyon manat və ya 5,5 faiz çox təşkil edib.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2018-ci ildə Vergilər Nazirliyi proqnoza 100,5 faiz əməl edərək büdcəyə 7 milyard 415,5 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 67,1 faizi və ya 4 milyard 974 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Dövlət Gömrük Komitəsi proqnoza 107,6 faiz əməl edərək büdcəyə 3 milyard 434 milyon manat vəsait təmin edib ki, bu da 2017-ci illə müqayisədə 825,2 milyon manat və ya 31,6 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 959 milyon manat məbləğində transfert edilib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə proqnoza 123,8 faiz əməl edərək büdcəyə 9,9 milyon manat vəsait köçürüb ki, bu da 2017-ci illə müqayisədə 1,2 milyon manat və ya 13,87 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 455,3 milyon manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 97 milyon manat və ya 27,1 faiz çoxdur. Dövlət büdcəsindən sair daxilolmalar üzrə 235,2 milyon manat vəsait təmin edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR