Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ağcabədidə sahibkarların maarifləndirilməsi ilə bağlı görüş keçirib.
Agentlikdən ONA-ya verilən məlumata görə, görüşdə 100-dək sahibkar iştirak edib. Onlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılır və onlarla sıx əməkdaşlıq edilir.
Eyni zamanda, müasir standartlara cavab verən kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstək göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun göstərdiyi xidmətlər barədə də sahibkarlara geniş məlumat verilib.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.