Aprelin 4-də Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlim keçiriləcək.
Nazirlikdən ONA-ya verilən məlumata görə, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompüter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür. Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə olunmaqla təşkil olunacaq onlayn təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq. KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara dəstək göstəriləcəkdir. Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/qida-thluksizliyi-il-bagli-onlayn-tlim-kecirilck.